bazar ertəsi 25 may 2026 - 19:07
İmam Baqirdən (ə) tövsiyə: Düşmən qarşısında qüdrət və vilayətin müdafiəsi

Ayətullah Müctəhidi (r) mədrəsəsinin məsul şəxsi bildirib ki, İmam Baqirin (ə) bugünkü cəmiyyət üçün ən böyük tövsiyələrindən biri qüdrət, birlik, Allaha bəndəlik, vilayətin müdafiəsi, ictimai həmrəylik və düşmən qarşısında möhkəm dayanmaqdır. O vurğulayıb ki, əgər möminlər cəmiyyəti rəhbərlik ətrafında hərəkət etsə və düşmən qarşısında qüdrətli dayansa, düşmən heç vaxt hücum və tamah etməyə cəsarət etməyəcək.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran  üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Müctəhidi (r) mədrəsəsinin məsul şəxsi və drektoru Höccətül-İslam vəl-müslimin Mirhaşim Hüseyni həzrət Əbdüləzim Həsəninin (ə) hərəmində keçirilən “Müslimiyyə” mərasiminin ilk gecəsində çıxışı zamanı İmam Məhəmməd Baqirin (ə) həyat yolu və elmi maarifinə toxunaraq bildirib ki, o həzrət yaşadığı ən çətin və ağır dövrlərdə şiələrə güclü, qüdrətli və izzətli olmağı öyrədib. Öz aralarında təvazökar və mehriban, düşmən qarşısında isə möhkəm və əzəmətli dayanmağı tövsiyə edib.

Ayətullah Müctəhidi (r) mədrəsəsinin məsul şəxsi “İsbatul-vəsiyyə” kitabına istinad edərək deyib ki, böyük alim Məsudi öz kitabında İmam Baqirin (ə) dörd-beş yaşında Yazid ibn Yezid ibn Müaviyə ilə olan mübahisəsini nəql edir. Bu hadisə göstərir ki, imam hələ uşaqlıqdan şiələrə qüdrət, müqavimət və izzət dərsi verirdi. Yəni məzlumlar sizə arxalanmalı, zalımlar isə sizdən qorxmalıdırlar.

O əlavə edib ki, bu hadisə Əhli-beytin (ə) Şamda əsir olduğu dövrdə baş verib. Həmin vaxt Yezid məclisdə oturaraq İmam Səccad (ə) barədə məsləhət alırdı ki, Hüseyn ibn Əlinin (ə) oğlu ilə necə davranmaq lazımdır. Ağır şəraitdə əsirlər arasında olan İmam Səccadın (ə) yorğun və yaralı bədəni qarşısında Yezid təkəbbürlə müşavirlərindən rəy istəyirdi. Onların hamısı deyirdi ki, İmam Hüseynin (ə) nəslinin davam etməməsi üçün Əli ibn Hüseyn (ə) də öldürülməlidir.

Höccətül-İslam Hüseyni vurğulayıb ki, eyni ilə o zaman Əhli-beytin (ə) yolunun davamından vahiməyə düşənlər kimi bu gün də düşmənlər vilayət və rəhbərlik yolunun davam etməsindən qorxurlar. Düşmənlər hər ilahi rəhbərdən sonra hidayət və müqavimət bayrağının yenidən ucalacağından qorxurlar və bu qorxunun tarixi keçmişi var.

O bildirib ki, həmin məclisdə beş yaşlı İmam Baqir (ə) ayağa qalxaraq bütün müsibətlərə baxmayaraq əvvəlcə Allaha həmd-səna edib, sonra isə Yezidə buyurub: “Sənin müşavirlərin Fironun müşavirlərindən fərqli məsləhət verirlər.” Yezid təəccüblə soruşub: “Fironun müşavirləri nə deyirdi?” İmam Baqir (ə) cavab verib: “Musa və Harun Fironu nəsihət etdikdə, onun müşavirləri onlara toxunmamağı tövsiyə etmişdilər. Amma sənin müşavirlərin Hüseynin oğlunun öldürülməsini istəyirlər.”

O əlavə edib ki, Yezid bunun səbəbini soruşduqda İmam Baqir (ə) buyurub: “Fironun müşavirləri halalzadə idi, sənin müşavirlərin isə haramzadədir.” Bu söz məclisi elə dəyişib ki, Yezid heyrət içində başını aşağı salıb, bütün müşavirlərini məclisdən çıxarıb və sonda İmam Səccad (ə) və Əhli-beytin (ə) ehtiramla Mədinəyə qaytarılması barədə göstəriş verib.

Höccətül-İslam Hüseyni qeyd edib ki, İmam Baqir (ə) bu davranışı ilə şiələrə hər şəraitdə qüdrətli olmağı öyrətmək istəyirdi. Əgər düşmən zəiflik hiss etsə, yenidən hücum edəcək, amma qüdrət, birlik və həmrəylik gördükdə geri çəkiləcək. O bildirib ki, bu gün də düşmənlər İran xalqını tanımayıblar. Nə İmam Hüseynin (ə) məktəbini anlayırlar, nə də İran xalqının vilayət ətrafında formalaşmış birliyini dərk edirlər.

O bildirib ki, düşmən İran xalqının parçalanacağını və ixtilafa düşəcəyini düşünür. Halbuki İran xalqı fikir ayrılıqları olsa belə, vəliyyi-fəqih və İslam Respublikasının rəhbərliyi ətrafında birliyini qoruyur və bu, onların Əhli-beyt (ə) məktəbindən və İmam Baqirdən (ə) öyrəndiyi dərsdir.

Ayətullah Müctəhidi (r) mədrəsəsinin məsul şəxsi İmam Baqirdən (ə) nəql olunan bir rəvayətə işarə edərək deyib ki, həzrət buyurub: Əhli-beytə məhəbbət iddiası etmək kifayət deyil. Bəzi insanlar məclislər və qruplar yaradaraq Əhli-beyt sevgisindən danışırlar, lakin İmam Baqir (ə) vurğulayır ki, həqiqi şiə təvazökar, Allaha bağlı, namaz əhli və zikr sahibi olan şəxsdir.

O əlavə edib ki, İmam Baqir (ə) buyurub: “Bizim həqiqi şiələrimiz Allaha qarşı təqva sahibi olan, ibadət və zikr əhli olan, öz aralarında təvazökar davranan, düşmən qarşısında isə izzət və qüdrətlə dayanan insanlardır.”

Höccətül-İslam vəl-müslimin Mirhaşim Hüseyni Ali ibn İmam Səccaddan (ə) nəql olunan bir rəvayətə toxunaraq bildirib ki, həzrət hətta maddi bir haqqı sübut etmək üçün belə Allaha and içməyə razı olmayıb. Çünki Allahın əzəmətini dünya işlərinin sübut vasitəsindən daha uca hesab edirdi. O qeyd edib ki, bu, asanlıqla and içən insanlar üçün böyük bir dərsdir.

O davam edərək bildirib ki, İmam Baqir (ə) müxtəlif rəvayətlərdə həqiqi şiələrin əmanətdar, çalışqan, fəal və zəhmətkeş insanlar olduğunu vurğulayır. Tənbəl və fəaliyyətsiz insan Allahın rəhmətindən uzaq düşür. Həzrət Musa (ə) Allahdan soruşduqda ki, ən nifrət edilən bəndələr kimlərdir, Allah buyurub: “Gecəni leş kimi yatıb keçirən, gündüz isə işsiz və məsuliyyətsiz dolaşan insan.”

O əlavə edib ki, bugünkü ağır iqtisadi şəraitdə həm məsul şəxslərin, həm də xalqın üzərinə vəzifə düşür. Hər kəs öz mövqeyində çalışqan, məsuliyyətli və xidmət ruhiyyəli olmalıdır. Əgər şiə cəmiyyəti fəal, zəhmətkeş və məsuliyyətli olsa, ilahi rəhmət ona şamil olacaq.

Höccətül-İslam Hüseyni Əhli-beyt (ə) düşmənlərinin kin və düşmənçiliyinə toxunaraq bildirib ki, İmam Hüseynin (ə) şəhadətindən sonra bəzi insanlar onun qətlə yetirilməsinə sevinərək məscid tikmişdilər. Bu isə batil cəbhəsinin tarix boyu öz cinayətləri ilə fəxr etdiyini göstərir. Necə ki, bu gün də sionistlər və dünya təkəbbürçüləri öz cinayətlərini açıq şəkildə müdafiə edirlər.

O sonda vurğulayıb ki, İmam Baqirin (ə) bugünkü cəmiyyət üçün ən böyük tövsiyəsi qüdrət, birlik, Allaha bəndəlik, vilayətin müdafiəsi, ictimai həmrəylik və düşmən qarşısında möhkəm dayanmaqdır. Əgər möminlər cəmiyyəti vilayət ətrafında birləşsə və düşmən qarşısında güclü olsa, düşmən hücum və tamah etməyə cəsarət etməyəcək. O bildirib ki, bu gün hər zamankından daha çox İmam Baqirin (ə) bu təlimlərinə ehtiyac var.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha